İtaliya kubokunda 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib. “Yuventus” yarımfinala yüksəlməkdə çətinlik çəkməyib. Günün ən gərgin və məhsuldar matçı Berqamoda olub.

“Atalanta” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Meydan sahibləri 7-ci dəqiqədə hesabı açıblar. Berat Djimsiti fərqlənib. 10 dəqiqədən sonra tarazlıq bərpa olunub. Vedat Muriqi qapını dəqiq nişan alıb. 34-cü dəqiqədə paytaxt klubu hesabda önə keçib. Françesko Acerbi hədəfdən yayınmayıb. Fasiləyə kimi Ruslan Malinovski hesabı bərabərləşdirib - 2:2.  

2-ci hissənin əvvəlində “Atalanta” meydanda azlıqda qalıb. Xose Palomino qırmızı vərəqə ilə cəzalandırılıb. Amma sayca azlıqda qalmalarına baxmayaraq meydan sahibləri tezliklə hesabda önə keçiblər. Aleksey Mirançuk fərqlənib. Qalan vaxt ərzində “Atalanta” futbolçuları penalti vurmaq hüququ qazansalar da, Duvan Zapata bundan yararlana bilməyib. Beləkliklə 3:2 hesablı qələbə qazanan “Atalanta” yarımfinala adlayıb. Burda Berqamo təmsilçisi “Napoli” – “Spetsiya” görüşünün qalibi ilə üz-üzə gələcək.

 

“Yuventus” Turində SPAL-ı məğlub etməkdə çətinlik çəkməyib. Meydan sahibləri hər hissədə 2 qol vurublar. Hesabı Alvaro Morata açıb. Ardınca Djanluka Frabotta fərqlənib. Fasilıdən sonra isə Deyan Kulusevski və Federiko Kyeza qapını dəqiq nişan alıblar. 4 cavabsız qolla qalib gələn “Yuventus” yarlmfinala adlayıb. Finala gedən yolda turin klubu “İnter”lə üz-üzə gələcək. İlk görüş fevralın 3-də  Milanda, cavab qarşılaşaması 1 həftə sonra Turində keçiriləcək.